Yakut Adətləri

Yakut Adətləri

Yakutlar Sibirin cənub şərq hissəsində yaşayırlar. Lena çayı Yakutiyanın düz ortasından keçir. Onlar özlərini Saxa adlandırsalar da, Tunquslar onları yakut adlandırırdılar. Türk boylarının indiki Yakutiya ərazisinə gəlməsinin sonuncu dalğası XIII-XIV əsrlər hesab olunur. Hal hazırda qəbul edilən görüşlərə görə Saxaların etnik kökənlərində Hunlar və İskitlər əsas rol oynayır. Saxaların dili türk-tatar dilləri ailəsinə mənsubdur. Bötling ilə Vamberunun ortaq görüşünə görə, kök dildən çox qədim zamanda ayrılmış olub, onun ayrıca qanadını əmələ gətirir. Saxa əyalətinə göndərilən tatar və başqırdlara bu dili öyrənmək üçün 6 ay yetərli olur. Ruslara isə bunun üçün illər lazım olur.

Xəstəliklər: Yakutlar arasında çəpgözlərə daha çox rast gəlinir. Göz xəstəlikləri çox yayılmışdır. Həyatlarının sonlarına yaxın görmə qabiliyyətlərini itirməkdədirlər. Həyat şərtlərinin zor olduğu Vilyuy bölgəsində ağıl xəstələrinin sayı çoxdur. Cənub bölgəsində əmirək xəstəliyinə yaxalanmayan qadın demək olarki, yoxdur. Bu xəstəliyə tutulan adam duyduğu səsləri təqlid edər, onu narahat edən bir şeyin adını bağıraraq söylər.  Digər geniş yayılmış xəstəlik epilepsi xəstəliyinə bənzəyən menrierdir. Bu xəstəlik  periyodik biçimdə cərəyan edir. Xəstə bağırır, ulayır,  ağı söyləyir, anormal hekayələr danışır, titrəyir. Bu xəstəlik ən çox evləndikdən sonra qadınlarda görülür. Kişilər arasında nadir hallarda görülür.  Pis balıq növləri ilə bəslənən bataqlığ, nəm və göllər arasındakı bölgələrdə cüzam xəstəliyi də görülməkdədir. Xalq frengi və cüzam xəstəliyindən çox qorxur. Frengi xəstəliyində insanların bədəni çürüyür, cüzamlılar da olduğu kimi yox olurlar. Bu xəstəliyə tutulanları xəstəxanalara, cüzama tutulanları isə meşəyə aparırlar. Meşədə buna görə xüsusi evlər tikirlər. Xəstəyə bir müddət yemək aparırlar. Çiçək xəstəliyi də qorxulu xəstəliklərdən hesab olunur. Bu xəstəliyə tutulanların 90% ölür. Yakut kişilərinin gücü o qədər də inkişaf etməmişdir; onların arasında 10-12 pud (bir pud-16 kq) ağırlıq qaldıranlar pəhləvan sayılırdı.

Yeməklər: İnsanlar at südündən qımız və “araxi”dən başqa heç bir məhsul əldə edə bilməmişlər. At südündə yağlar az, şəkər çoxdur. Ya xam halında ya da qımız hazırlayaraq istifadə olunur. Yakutlar çiy at südünü içməzlər, bu onlarda mədə bulanmasına səbəb olur. Bəzən qaynadılmış at südünü az miqdarda çaya əlavə edərək içərlər. Qədim zamanlarda at südündən şorba (butuqas) hazırlayırmışlar.

Qımız köhnəlmiş və alkoqollu mayalanma durumuna gəlmiş olan at südüdür. Yakutlar  qımızı belə düzəldirlər: təzə süd soyuyaraq normal temperatura düşüncəyə qədər  sağıldığı qabda saxlanılır. Sonra simir deyilən bir tuluma qoyulur. Südə maya əlavə edilir, mayanı əvvəlki ildə toplanmış və yaxşı qurudulmuş qalıntılardan hazırlayırlar. Daha sonra süd bir taxta ilə qarışdırılır. Muncuqlarla və ağ at  tükləri ilə bəzənmiş olan qımız tulumu bir stul uzərinə qoyulur və yerə düşməməsi üçün qayışla tavana bağlanır. Uşaqlar və qadınlar iş əsnasında onun yanına gələrək tulumu çalxalayırlar. Çalxalama süd şəkərinin alkoqola, karbon asidinə və süd asidinə dönməsini asanlaşdırır.Yakutlar at südünə bir miqdar  inək südü və su əlavə edərlər, amma bu üzdən qımızın dəyərinin aşağı düşəcəyini də bilirlər. İki gün sonra qımız hazır olur. Özünə məxsus kükürdlü bir qoxusu vardır. Duzlu xiyar turşusunun dadını xatırladır. Təzə qımız  karbon asidin çoxluğundan dolayı insanın burnuna vurur və insanı xəfif şəkildə sərxoş edir. Amma bu sərxoşluq uzun sürmür. Qımız insanı canlandırır, susuzluğu yatırdır. Qımız insan orqanizmi tərəfindən tez həzm olunur, qan dövranını yaxşılaşdırır. Kımızın mənfi cəhətlərindən biri tez xarab olması idi və daşınması da çətin idi.

“Ot biçimi vaxtı Yakutlar sadəcə qımızla bəslənir və bəzən onu iri qablarnan içirdilər” deyə Vrangel yazmaqdadır.

Georgi 1777-ci ilində belə yazırdı: Yaz aylarında çoxlu qımız içməkdən sərxoş olan çox sayda Yakut görmək olar.

Qədim yakutlar nə qədər  böyük baş heyvana sahib olsalar da, həmişə şikayət edər, özlərini kasıb hesab edərlər, yalnız bir iki sürü ata sahib olduqdan sonra , “bəli, indi mənim də sərvətim var” deyə bilirdilər.

Günümüzdə yakutlar inək südündən hazırlanan bu məhsulları tanıyırlar: Ayran, qaymaq,yağ. Onlar şor və pendiri tanımazlar, onları sevməzlər və dillərində bu məhsulları ifadə edən sözlər yoxdur. Onları aşağılayıcı bir tərzdə “süd sabunu” adlandırarlar. Qatığı da istəksizcə yeyərlər.

Yağ yakutların önəmli yiyəcəklərindən biridir. Ən xəsis sahibkar belə işçilərinə həftədə bir kərə yağ verər. Yağı parçalar halında, qımıza qataraq, çayın içində və ya heç bir şey qatmadan da içə bilirlər. Buranın iqlim şərtlərində yağ içmək heç də iyrənc bir şey deyildir. Şaxtalı havada yağ insanı tez isdilədirdi.

Yakutların ət yeməkləri arasında sığır əti başda gəlməkdədir. At ətinə də çox dəyər verirlər. At əti çox bahalıdır və kasıbların alması imkansızdır. Hətta ortabab yakut belə at ətini nadir hallarda yeyə bilir. Nadir hallarda at əti gördüyü işin müqabilində və ya quru ot qarşılığında kasıbların əlinə keçə bilər. Ancaq toylarda ən yoxsul yakut belə at əti kəsir. Vrangelin yol yoldaşı Matyuşkinin anlatdığına görə, ac qarına bir neçə gün dolaşdıqdan sonra əldən düşən yakutlara atlarından birini kəsməyi təklif edəndə, onlar qəbul etməmiş, “Xeyir, atlarımız yorğun, çibanlı, qanları iltihablanmış, onların ətin yesək xəstələnərik”deyə cavab vermişdilər. Yakutlar ayı ətini də çox sevirlər. Muxtəlif qurbağa və siçan növlərinin mundar olduğu qəbul edilməkdədir. Ancaq bu heyvanlar südün içərisinə düşərlərsə südü atmazlar, onun içinə bir xaç və ikona qoyarlar.

Yakutlar heç bir ədviyyatdan istifadə etməzlər. Hətta duz belə onların mətbəxinə son zamanlarda girmişdir. Şəkəri sadəcə çay içərkən çox az miqdarda qəbul edərlər. Çoxlu çay içirlər, demək olar ki, çay qımızın yerini almışdır. Zənginlər gündə bir neçə dəfə (hər dəfəsində 6-10 stəkan)çay içirlər. Çayı yeməkdən əvvəl içməyi tərciyə edərlər.

Nadir hallarda vodka içərlər. Vodkaya öz dillərində argi deyirlər.

Günümüzdə, cənub bölgələrdə yaşayan yakutlar hər gün çörək yeyirlər, amma bir zamanlar yakutlar çörək yeyə bilməzdilər, onların dediyinə görə çörək onların içini yandırırdı. İndi də, onların mədələri arpa çörəyini yaxşı həzm edə bilmir.

Bir yakut qış üçün dondurulmuş heyvan budlarını çıxarıb kəsərsə, qonşular mütləq onu ziyarət edər. Birinin inəyi tez bala verərsə heyvan sahibi adətlərə uyaraq evində süd verən heyvan olmayan qonşulara süd və qaymaq verməlidir. Ona görə yakutlar arasında zənginlərdən kiminin ət anbarının nə vaxt bitəcəyi, inəyinin nə vaxt doğacağı mövzusunda söhbətlərə xüsusi maraq vardır.

Düşmən qazanmaq üçün heyvan kəsib qonşulara verməmək kifayət edir.

Kusagannel oymağında bir zəngin yakut onunla barışmaq istəyən rusa belə şərt qoyurdu.: “25 rubl verəcək və bir heyvan kəsəcəksən. Rus isə cavabında: “niyə heyvan kəsim, evimdə yetəri qədər ət var, buyursun gəlsin, istədiyi qədər yesin”, demiş. Yakut isə belə cavab vermişdir: “Xeyr olmaz. Sən bizim adətə görə heyvanı məxsusi olaraq onun üçün kəsəcəksən. O, barışarkən sıradan ət yeməz.

Mənim ölkəmdə zəngin şəhərlərdə ac insanlarin olduğunu və aclıqdan öldüyünü söylərkən yakutlar mənə inanmırdılar. “Yəni insan da belə ölərmi, deyə soruşurdular. İstehza ile gülürdülər. “Nə qədər axmaqdılar! Qonşuya getmək varkən insan aclıqdan ölərmi?!”

Fevral və mart ayları yakutlar üçün aclıq dönəmidir. Bu aylarda təsadüfən doya doya yemək yeyə bilərlər. May ayından isə inəklər bala verməyə başlar və südün miqdarı artar.

Keçmişdə yakutlar balıq ovlamağı utanc verici iş olaraq görürdülər. Onlara görə bu işlə sadəcə uşaqlar və təmbəllər məşğul olurdular. “Yabançı bir səfil kimi balıqla bəslənir yaxud iylənmiş balıqçı” kimi ifadələrdən aşağılamaq üçün istifadə edirdilər. Yakutların dilində balıqçılığa aid bir dənə söz yoxdu. Sadəcə bir dənə tatar kökənli sal anlamı verən al sözü var.

Mən heç bir zaman görmədikləri qızıl üzüyü və boyunbağını yakutlara göstərəndə “onun nəyi gözəldi, eynilə dəmir” deyə cavab verdilər. Gözəlliyin ən üst dərəcəsini ifadə etməkçin “gümüş kimi” ifadəsini işlədirlər. Onlar arasinda ən sevilən ad “Kömüs”dür, yəni gümüş anlamında.

Yakutlar
Yakutlar

Uşaqlar: Yakutlar o xalqlardandır ki, onlarda yaşlı kişilər və oğlan uşaqları qadınlardan daha çoxdur. Uşaqların çoxluğunu tanrının neməti olaraq görürlər. Yakutlar çox həvəslə başqalarının uşaqlarına övladlıq edirlər. Yakutlar uşaqlarına qayğı ilə yanaşsalar da iki yaşa qədər uşaq ölümləri burada çox olur. Yeni doğulan uşaqı atəşin önünə götürüb, ağzından püskürtdüyü su ilə tələsik yuyar, sonra bütün vücuduna qaymaq sürtər.

Yaz aylarında uşaq tamamilə tərk edilmiş durumda olur, Bütün gününü evdə bir küncdən o biri küncə iməkləməklə keçirər. Oyun oynadıqlarında belə bizim uşaqların çıxardığı gurultunun yarısını çıxartmazlar. Varlıqları hiss edilməz.

Nigah: Günümüzdəki yakut toyları səssizliyi və sadəliyi ilə insanı təəccübləndirir. Nə musiqi, nə rəqs var. Bir çox araşdırmaçılar  yakut toylarının müflisləşdirici olduğunu qeyd etməkdədirlər. Toy 3 gwn davam edir. “Məsələ başlıq ödəmək deyil; başlığı ödəyərik, məsələ budur ki, insanlar çox yeyir”deyə evlənmək istəyən bir yakut gənci dərdini söyləmişdi. Əgər yemək sayı azalardısa qohumların qınamalarına səbəb olurdu.” Utanmaz adam bizi aclıqdan öldürəcəkdi. Zamanı gəlir xalq bunu onun oğluna xatırladar” deyə Kolıma oymağındakı toyda zəngin bir yakutun qohumları şikayət etməkdə idi.

Evlənmək istəyən kişi çox sayda obanı dolaşaraq özünə bir qız bəyənir. Rədd cavabı alan yakutlar ailədə bir neçə qız olarsa digər qızlardan birini almaqda israr edər. Elçini rədd edən qıza, eyni il içində başqa birinin elçi göndərməsi nəzakətsizlik hesab edilir. Yakutlar hər zaman başqa bir obadan qız alırlar. Əgər belə bir hal təsadüfən olardısa hər kəsin qınağ obyektinə çevrilərdi. Hətta bu mövzuda atalar sözləri də var idi:

“Məmləkətində yaşayan qız xoşbəxt olmaz”

“Xoşbəxt bir qız məmləkətindən uzaqa gəlin gedər”

Toplantılar: Yakutlar natiqlik sənətini çox sevərlər. Nitq nə qədər uzun və mənasız olsa belə hörmətlə axıra qədər dinləyirlər. Natiq nitqini davam etdiyi sırada və ya bitirdikdə “necədir xalqım?”deyə sual verir. Qarşılıq olaraq ya səssizliklə qarşılaşır ya da dəstək ifadə edən “haytah-əlbəttə, kirdik-gerçək, siççah,sitı kurduk-eynilə” kimi cavablar alar.

Ölüm: Yakutlar həyata bağlıdır. Yaradılışın məqsədi, insanların gələcəyi, ölümdən sonrakı həyat yakutlarda az işlənmiş mövzulardır. Cənnət və cəhənnəm inancı xristiyanlıqdan keçmişdir. Ölümü qorxusuzca qarşılayırlar. Yakutlar sadəcə bir şeyi-ölümündən sonra hansı heyvann kəsilmiş olacağını düşünməkdədir. Çünki, o biri dünyaya həmin heyvanla bərabər gedəcəkdir. Bir gün burada bir hadisəyə şahid oldum: 22 yaşında gözəl gənc qadın ölmək üzrə idi. Qadın yanında olan yakutlardan öləcəyi barədə görüşlər alırdı. Amma kimsə ona ümid verici bir şey söyləmədi. Şaman xəstəliyinin keçəcəyini söyləsə də xəstə nədənsə ona inanmadı və 4 yaşlı oğlunu yanına səslədi,ona sərt bir şəkildə sual verdi:”mən ölürəmmi?” Uşaq bir müddət səssiz qaldı və təəccüblə anasına baxdı. Ananın əllərinin və dodaqlarının titrədiyini, gözlərinin  yalvarışla oğluna baxdığını hiss etdim. Uşaq yanındakılar tərəfindən cəsarətləndirildikdən sonra: “Öləcəksən” dedi. Xəstə rahatladı, ən yaxşı geyimlərini istədi, dadlı yeməklər hazırlanmasını əmr etdi, saçlarını daradı, yeməklərdən yedi. Sonra yerinə uzandı baş ucundakı insanlarla mehribanca danışmaqa başladı. Onu sevgi ilə xatırlasınlar deyə əşyalarını hədiyyə verməyə başladı. Ölüm öncəsi  əşyaların tanışlara paylanması bir adət olub kereska adlanır.

Qonşum kasıb bir dülgər olan Marsating “Əgər səndə varsa mənə kərə yağı, vodka və ət göndər.., ölürəm, yer üzündəki ən yaxşı yeməkləri dadmaq istəyirəm” deyə məndən xahiş etmişdi. İki varlı kişi ölmədən öncə sevimli atlarının kəsilməsini istədi, bişirib yedi və ailəsi ilə birgə şənləndi. Yakutların yaxınlarından ayrılmaqdan dolayı üzüldüklərini, o biri dünyada onlarla qarşılacaqlarını ümid etdiklərini heç eşitmədim.

İstifadə edilən mənbə:  V.L.Seroşevsky “Saka Yakutlar”

 

 

MariaTudor.com saytında tarixə səyahətə davam:

1 thought on “Yakut Adətləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir