Erməni Köçləri

Erməni köçləri

Mövzu: XIX əsrdə Çarizmin erməniləri Qafqaza köçürmə siyasəti

GİRİŞ

XX əsrin 90-cı illərində  Azərbaycan tarixinin ən çətin dövrünü yaşadı. Bəşər tarixinin ən amansız sistemlərindən biri olan müstəmləkəçiliyin iflası və tarix səhnəsindən silinməsi prosesi keçmiş Sovet İttifaqının da hüdudlarına çatdı. 70 ilə yaxın bir müddətdə yer kürəsinin altıda bir hissəsində yaşayan xalqları milli istiqlaliyyətinə çatdıran bu proses tarixi əhəmiyyəti və nəticələrinə görə bəşər tarixində nadir hadisələrdən biri sayılmalıdır. Keçmiş Sovet İttifaqında milli azadlıq hərəkatının bayraqdarlarından biri də Azərbaycan xalqı oldu. Çünki, bu imperiyada asılı hala salınmış bütün xalqlara nisbətən Azərbaycan daha amansız istismara və haqsızlıqlara məruz qalaraq, ictimai-siyasi və iqtisadi hüquqları daim tapdalanmışdır.  XIX əsrin ilk illərindən etibarən Rusiya işğalçılarının amansız istilalarına məruz qalan xalqımız silah gücünə istiqlaliyyət və suverenlikdən məhrum oldu. Şimali Azərbaycanın rus ordusu tərəfindən işğalı ilə ilə vətənimizin ərazi bütövlüyünə qəsd edildi. Çar Rusiyasının zorakı siyasətinin hədəfinə çevrilmiş Azərbaycan uzun müddət dinclik bilmədi, onun təbii sərvətləri vəhşicəsinə talan olunmaqla yanaşı, həm də xalqın soykökündən ayrıması istiqamətində məqsədyönlü siyasət həyata keçirilirdi. Bu dövrdən başlayaraq çarizmin istilaçında hərbi-strateji dayaq məntəqəsi kimi, özünün təbii sərvətlərinə görə xammal bazası və geniş imkanlı satış bazarı kimi qiymətləndirilirdi. Belə bir əlverişli ölkəni əldə saxlamaq üçün çarizm tərəfindən hazırlanmış və tədricən həyata keçirilmiş planlar sırasında məqsədli köçürmə siyasəti də böyük yer tuturdu.

Çarizmin Şimali Azərbaycanın işğalının və burada hakimiyyətinin bərqərar edilməsinin ilk dövründə, XIX əsrin birinci yarısında həyata keçirilən köçürmələr də ümumdünya tarixində özünəməxsus yer tutur. Azərbaycan xalqı üçün taleyüklü problemlərin, o cümlədən Cənubi Qafqazda baş verən müasir hadisələrin dərk edilməsinə kömək edir. Bu köçürülmələrin öyrənilməsi bu gün baş verən hadisələrin mahiyyətini açmaqa kömək edir.

Çarizmin XIX əsrin I yarısında Şimali Azərbaycanda həyata keçirdiyi erməni, alman və rusların köçürülməsi prosesi müəyyən dərəcədə oxşar olsa da, spesifikliyi ilə diqqəti cəlb edir. Burada ermənilərin köçürülməsi məsələsi xüsusi rola malikdir.

Bu problemi hərtərəfli öyrənmədən Şimali Azərbaycanın XIX-XX əsrlər tarixini obyektiv öyrənmək, ermənilərin Azərbaycan Respublikasına qarşı tarixi ideoloji və hərbi  mübarizəsinin mahiyyətini açmaq mümkün deyil. Beləliklə, Çar Rusiyasının Şimali Azərbaycanda həyata keçirdiyi köçürmə siyasətinin kompleks şəkildə öyrənilməsi,onun ümumi və konkret cəhətlərinin aşkar edilməsi tarix elminin qarşısında duran vacib məsələlərdən biridir.

FƏSİL

I MƏRHƏLƏ

Üçmüədzin katalikosu Vazgen 16 avqust, 1964-cü il tarixində bəyannaməsində bunları qeyd etməkdədir: “Erməni millətinin tarixi V əsrdə, erməni yazısının icadı və Avarayr qəhrəmanlıq tarixi ilə başlayır. (1.The first genocide of the 20the century, compiled by James Nazer, Nyu York 1968, s.15”) Katalikosun yazdığı doğrudur. 451-ci ildə Avarayrda üsyançı ermənilər əzilmişdir. Ermənistan Sasani və Bizans arasında iki yerə bölünmüşdür. Bizansa qalan hissədə Bizans yunan kilsəsinin hakimiyyətini yaymağa çalışmışdır.

Erməni və rus tarixçilərinin verdiyi məlumata görə, onlar arasında əlaqələrin yaranma tarixi XI əsrdən başlayır. Lakin bu əlaqələr  geniş vüsət almadı. 1678- cil ildə erməni ideologiyasının mərkəzinə çevrilmiş Eçmiədzin kilsəsində din xadimləri və erməni məlikləriningizli yığıncağında  İran zülmündən xilas olmaq üçün Rusiyaya müraciət etmək qərara alındı. Belə ki, 1678-ci ildə erməni katalikosu Akop rus dövlətinə müraciət edərək xahiş etdi ki, İranda yaşayan ermənilərə qəyyumluq etməyi öhdəsinə götürsün. 1701-ci ildə Rusiyaya yaxınlaşmaq üçün daha bir addım atdılar. Həmin ilin iyununda  İsrail Ori adlı bir erməni taciri  Moskvaya gedərək , rus dövlətindən xahiş etdi ki, İran zülmündən xilas olmaq  işində “bədbəxt ermənilərə” yardım əli uzatsın.  Lakin I Pyotra qədər erməni-rus yaxınlaşması ardıcıl olmamışdı. ( 2,  Ezov Q. A. Snoşenie Petro Velikoqo s armyanskim narodamD. Dokumentı izvleç. iz arxivov i dr. uçrejdeniy. Dolojeno v zased. ist. filal. otd. imp. AN. 8 yanvarya 1897 q.. Sankt-Peterburq, 1898, XLIX, 512.c. s.) 74-75)Rusiyanın qüvvətləndiyini görən ermənilər XVII əsrin ortalarında Rusiya ilə dostluq qurmaq üçün 1659-cu ildə Rus çarı Aleksandra qızıldan naxışları olan taxt hədiyyə etmişdilər. Rusiya ilə ermənilərin münasibəti daha geniş şəkildə XVIII əsrin başlanğıcında I Pyotr dönəmində başlar. I Pyotr İran ilə etdiyi savaşlarda ermənilərdən yararlandığı üçün onları işğal etdiyi bölgələrdə məskunlaşmaqa dəvət etmişdir. Şərqlə ticarətdə söz sahibi omaq istəyən Rusiya ermənilərə dini və dünyəvi hər cür imtiyazlar vəd etmişdir. Bu dəvət üzrə İranda yaşayan ermənilərin bir çoxu Rusiyanın işğal etdiyi ərazilərə köç etməyə başlamışdılar. XIX əsrdə İrandan Rusiyaya köçən ermənilər bəzi yüksək mövqelərə gətirilmişdilər.  (3.Yusif Halaçoğlu,”Erməni məsələsi ilə ilgil bir kaç rus kaynağı”, Yeni Türkiye: Ermeni sorunu özel sayısı, II, Sa: 38 (mart-aprel 2001) Ankara, s.735)Rusiyanın Pyotr dönəmindən etibarən Osmanlı imperatorluğuna qarşı siyasətini iki cümlə ilə ifadə etmək mümkündür. Bunlardan birincisi  Osmanlı imperatorluğu əleyhinə Rusiya imperiyasını genişləndirmək siyasəti olub, ikincisi də İstanbulu  ələ keçirərək Bizansı bərpa edib Çar Rusiyasını Ortodoks xristiyanlığının mərkəzi halına gətirmək idi. Bu məqsədlərinə nail olmaq üçün ermənilərdən bir alət kimi istifadə etmək məhz onun dövründən ardıcıl xarakter kəsb etdi. Rus tarixçisi Potto bu barədə yazırdı: “Böyük Pyotr ilk dəfə ermənilərə siyasi baxımdan nəzər saldı və Ermənistan taleyində Rusiyanın rolunu qabaqcadan görə bildi.”(4, c. III, s, 714. Potto V. A. Kavkazskaya voyna v otdelnıx oçerkax, epizodax, leqendax u bioqrafiyax, Sankt-Peterburq, T-II, 1887, 760 s.; T III, 1889, 714.C). I Potr 1724-cü ilin mayın 24-də Xənubi Qafqazdakı rus qoşunlarının komandanı general Matyuşkinə ünvanlanmış məktubunda yazdı: ” Gilanda və Mazandaranda olan erməniləri və başqa xristianları çağırın və yerləşdirməyə çalışın, müsəlmanları, daha doğrusu sünnüləri oradan uzaqlaşdırmağa çalışın.(4. c. III, səh.716)

Rusiya müstəmləkəçiliyini genişləndirən çarın yuxarıdakı sözləri, erməni-rus yaxınlaşmasının sonrakı illər üçün  də əsasını təşkil etdi. Erməni millətçilərinin nümayəndəsini Dərbənddə qəbul edən I Pyotr “İrəvanı İran şahlarının işğalından azad etməyə” söz verib, hər cür yardım etməyə vəd verdi, əvəzində isə erməniləri Rusiya ilə ittifaqa girib, İrana qarşı mübarizəyə çağırdı. (5, s.144)  Qlinka  S. Opisanie pereseleniya  armyan Adderbidjanskix v predelı Rosii. Bakı, Elm, 1990, 142 c) 1768-74 cü illər Rus-Türk müharibəsində ermənilər II Yekaterina tərəfindən cəsarətləndirilərək, Rusiyanın himayəsi altında “Ararat krallığı” qurma xəyalına düşmüşdülər. II Yekaterina Osmanlı səfərləri əsnasında  erməniləri nəzərindən qaçırmamış və onları müsəlman türklər əleyhinə qışqırtmışdır. Bunlardan cəsarətlənən Osep Argatyon adlı bir erməni papazı, “Ararat krallığı” layihəsini hazırlayaraq Peterburqa təqdim etmiş və bu layihə Çariça tərəfindən qəbul edilmişdir. Bu layihənin  həyata keçirilməsindən ötrü  lazımi xərcləri  Hindistan sakini olan varlı erməni taciri Şamir-xan öhdəsinə götürmüşdü.. Lakin II Yekaterinanın ölümü bu müqavilənin həyata keçməsinə mane oldu. (6.Yusuf Akçura, Osmanlı imperatorluğunun dağılma dövrü, Ankara 1985, s. 21)

XIX əsr Çar Rusiyasının dünya güclərindən birinə çevrildiyi dövrdür. Bu imperiya qonşu olduğu Osmanlı imperiyası üzərindən cənub və cənub qərbə genişlənməyi qarşısına məqsəd qoymuşdu. 1800- ci illərdə Rusiya nə bahasına olursa olsun Ağ dənizə sahib olmaq istəyirdi. Ancaq həm Balkanları həm də boğazları keçmək asan bir iş deyildi. Əgər  Şərqi Anadoludan Bəsrə körfəzinə qədər uzanan bir Ermənistan  qura bilsəydi məqsədinə daha asan yolla çata bilərdi. Bu dövrdə ruslar, ermənilərdən hərbi-siyasi məqsədlər üçün istifadə etməkdə daha bir səmərəli addım atdılar. Çarizmin bu köhnə taktikasının yeni biçimdə ifadəsi  I Pavelin 1801-ci ilin yanvarın 23-də rus qoşunlarının Qafqazdakı baş komandanı Knorrinqə təlimatında formalaşdırıldı.Çar yazırdı.: Ermənilərdə Rusyaya yaxınlaşmaq üçün maraq yaradın, onları tərəfinizə çəkin. Çarın bu göstərişinə əməl  edən işğalçı rus ordusu Azərbaycan torpaqlarının qəsbində erməniləri özünün sadiq müttəfiqi və dayağı sanır, müqabilində isə türk torpaqları hesabına erməni dövlətinin yaradılmasında kömək vəd edirdilər. Azərbaycana qarşı düşmənçilik və qəsbkarlıq rus-erməni işğalçılarını birləşdirən əsas amillərdən biri idi. Yerli  şəraitə bələd olan ermənilər çəkinmədən rus ordusuna bələdçilik etməklə, digər döyüşən tərəfin üzərində qələbəsinin təmin olunmasında iştirak edirdilər. Ermənilər milli ordu hissələrinin yaradılmasında Rusiyanın hərtərəfli yardımından istifadə etməyə cəhd göstərirdilər. İkinci Rus-İran müharibəsi zamanı ələ düşmüş fürsətdən  bacarıqla istifadə edən erməni milli ordu birləşmələrinin  formalaşdırılması üçün  rus ordusu tərkibində İrana qarşı vuruşan  erməni könüllülərindən ilkin baza kimi istifadə etdilər. Mənbələrdən məlumdur ki, bu könüllülər  müharibənin lap ilk günlərindən etibarən  İranlılara qarşı  vuruşmalarda fəal iştirak edirdilər. 500 nəfərlik belə dəstələrdən biri  Q. Manuçaryanın  komandanlığı altında Qazax cəbhəsindəki  hərbi əməliyyatlarda iştirak edirdi. Şuşa ətrafında gedən döyüşlərdə 1500 nəfərlik erməni dəstəsi Şuşanın rus ordusunun əlində saxlanılmasına əhəmiyyətli yardım etdi və qalanın 50 günlük müdafiəsində yaxından iştirak etdi. (7. Murad Muradov; Çar Rusiyasının Azərbaycana köçürmə siyasəti, s.81, B AKI 2001)

1826-1828-ci illərdə İran ilə apardığı müharibədə Türkmənçay müqaviləsinin III maddəsinə görə İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirərək Erməni vilayətini yaratmışdır. Bu maddədə heç bir yerdə Ermənistan sözü keçmədiyi halda, ermənilər bunu dünyaya guya Ermənistanın Rusiyaya birləşdirilməsi kimi təqdim edirdilər. Yeni yaradılan erməni vilayətinə daxil olan 1111 kənddən ancaq 62-də ermənilər yaşayırdı. göstərilən 62 kəndin ancaq 14-ün adı erməni mənşəli idi. (8. Yaqub Mahmudov, İrəvan xanlığı, s.366,) Türkmənçay müqaviləsindən keçən 3 ay müddətində İrandan Azərbaycana 8 mindən çox erməni ailəsi köç etdi.

Erməni vilayəti yaradılandan sonra ermənilərin xalqımıza qarşı etnik təmizləmə dövrü başlandı. Rus tədqiqatçısı Şavrov yazır ki, “Qafqaza köçürülən 1 milyon 300 min erməninin 1 milyonu yerli erməni deyil, bizim tərəfdən bura köçürülmüşdür.

Üçmüədzin kilsəsi qısa müddət ərzində rus nüfuzuna girmiş, hətta katalikos  Nerses Aratareks 60 minlik ordu ilə erməni qüvvələrinin başında rus ordusunun safında vuruşmuşdur. Üçmüədzin qriqoryan ermənilərin  əksəriyyətinin tabe olduğu dini mərkəzdir. Nerses 1826-cı ildə verdiyi bəyannamədə deyirdi: ” Ararat ölkəsinin və erməni millətnin qurtuluş saatı gəlmişdilər. Üçmüədzin keçmişdəki istiqlaliyyətini qazana bilər.. Ayağa qalxın, üsyan edin, qəhrəman ermnilər, fars boyunduruğunu silkələyin, qoca Araratı sevincdən titrədin, vətəninizi qanla sulayın və əbədi olaraq azad və müstəqil yaşayın. Vaxtdır. İrəli, indi və ya heç bir zaman (9. Kamran Gürün,”Ermeni dosyası” s.105, 10-cu nəşr, 2010)

I FƏSİL

Ermənistan və Ermənilər

Ölkələr vardır, isimlərini üzərində yaşayan millətlərdən almışdılar. Ölkələr vardır, burada yaşayan xalqlar əsil isimlərini unudaraq yaşadıqları bölgənin adı ilə xatırlanmışdılar. Məsələn, bu gün, Turkiyə, Almaniya, Fransa, üzərində yaşayan millətlərdən adını almışdır. Amma məsələn, İtaliya, Amerka bir millət adı deyil, coğrafi bir isimdir və üzərlərində yaşayan millətlər əsil adlarını bir kənara buraxıb, bu adları mənimsəmişdilər.

Ermənistan adının da bunlar kimi  bir coğrafi bölgə adı olduğu bir çox qaynaqda yer alır. Ermənilər adətən özlərini “Hayk” deyə adlandırır və ölkələrinə “Hayastan” dedikləri halda, onların yaşadığı torpaqlara nə səbəbə Ermənistan deyilmiş olması haqqında qaynaqlarda məlumat yoxdur.

Toynbee, erməni adının mənşəyi haqqında bəzi düşüncələrini qələmə almışdır.: ” Əgər Telebas vadisi bu şəkildə, Assurların sonu və medlərin başlanğıcı arasındakı bir tarixdə Urartudan ermənilərə dövr edilmiş isə, maraq mərkəzində olan iki adı izah etməyə çalışaq. İlk olaraq öz dillərində özlərinə Hay deyən Muşkilərin, Rəsmi Əhəməni terminologiyasında, Hay, yaxud Muşki və ya Gordian yerinə Armeniya  deyə tanındığını izah edə bilər. Bir qədim fars yer adı olan  Arminiya, Muş yaxınlarında tapılan Menuanın yazılarında adı keçən urartuca Urmeniuhini kəlməsindən yarana bilər. Bu dağıdılmış bir şəhər adıdır. Ola bilsin ki, midiyalılar və farslar bu Urartu ərazisinin yeni sahiblərini köhnə Urartuca ismiylə adlandırmağa başlamışdılar. Daha sonra, Toynbee bu izahın bir qədər şübhəli olduğunu  əlavə edərək, sözün Urartunun son kralı III Rusanın atası “Erimenadan”, yaxud miladdan əvvəl XI əsrin sonları ilə X əsrin başlanğıcında Şimali Ərəbistan steplərindən gələrək Nairiyi işğal edən Aramaenlərin ölkəsi anlamına gələn “Arumini”dən törənə biləcəyini daha inandırıcı hesab edir. (4. Arnold J. Toynbee, A study of history, VII, 661, 1954. Oksford unversiteti)

Ermənilərin haradan gəldikləri haqqında Gatteuriasın yazdıqları bunlardır: ” Pamir yaylasından gələn ilk ari qəbilələr, bir qismi cənubda Sind vadisinə, digərləri şimalda İran yaylasına yerləşincə, köç dalğalarına qərb yolu açıq qaldı və yeni gələnlər Avropaya yayılmaqa məcbur oldular. Daha ilk addımlarında  Qafqaz dağlarına çatdılar və Kiçik Asiyadan cənuba doğru yayıldıar. Ermənistanın müxtəlif vadilərində yerləşən bu qəbilələr bir birlərindən asılı olmadan yaşadılar. Hətta bəziləri olduqca qüvvətləndi, konfederasiyalar halında birləşdilər. Assurlar onları işğal edərkən bu tayfaların durumu bu cür idi. (5. J.A. Gatteyrias, I Armenie et les Armeniens, Paris 1882, s.12-15)

Fridrix Maxler isə belə yazırdı.: “Ermənistan adlanan çoğrafi bölgədə bu gün erməni deyilən millətin öncədən məskunlaşmadığı, ölkədə mütləq erməni dilindən fərqli dildə danışan bir millətin yaşadığı sabitdir.

“Erməni millətindən  ilk olaraq bəhs ediliş, miladdan öncə 515-ci ildə Bisutində həkk edilmiş, Daranın yazılarındadır. Burada Ermənistan Əhəməni imperatorluğunun bir satraplığı kimi qeyd edilir. (6. Fridrix Makler, la Nation Armenienne, Son Passe, Ses Malheurs, Paris 1924, s.18-19) Göründüyü kimi Makler, Ermənistana ermənilər gəlməmişdən əvvəl ermənilər deyildiyi görüşündədir.

Erməni tarixçi Nalbandyanın fikirlərinə nəzər salaq: Urartu krallıqı sadəcə hərbi bir dövlət deyil, eyni zamanda inkişaf etmiş bir mədəniyyətə sahib idi. Xalqı ari olmayan, bir dildə danışırdı. Miladdan öncə, VIII-VII əsrdə başqa bir millət Urartunu işğal etdi. Urartuya son verən millət, ermənilər deyə tanınan, Frigiya koloniyaçıları idi. Zaman keçdikcə, yeni gələnlər öz hind avropa dillərini urartululara verdilər. (7.Luiz Nalbandyan, The Armenian Revolutionary Movement, Los Angeles 1963, s.14)

Xenofonun, “On minlərin dönüşü”nə aid kitabında bu müşahidələre yer verilir, o, kitabının V fəslində (s. 197) Ermənistan adlanan bölgəni keçərkən rastlaşdığı kəndliləri erməni adlandırmır, danışılan dilin farsca olduğunu qeyd edir. Bundan belə nəticə çıxarmaq olur ki, bölgənin adı Ermənistan olsa da, ölkənin əhalisinin erməni olduğunu söyləmək çətin məsələdir.

Ermənilərin kökləri barəsində daha orijinal fikirlər irəli sürən müəlliflər də vardır. Buna misal olaraq, Ruppen Kourianı göstərə bilərik. O belə bir iddia ortaya atır: Ermənilər bu günkü İsveçrənin qədim sakinləridir. Roman dili erməni dilindən çox da fərqli bir dil deyildir. Hər iki dilin ahəngi eynidir.

Məşhur rus tarixçisi və dilçisi Dyakanov erməni dilinin Urartu dilindən törənməsi fikrini çürüdərək qədim ermənicənin buraya kənardan gətirilmə dil olduğunu söyləmişdir. ( 8. İ.M.Dyakonov, Predistoriya Armyanskogo Naroda , Yerevan, Ermenistan Elmlər akademiyası nəşri, 1968, s. 202-203)

II FƏSİL

Çarizmin Köçürmə Tədbirləri

1803-1828-ci illər köçürülmə prosesi.

Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal olunmasından sonra ermənilərin kütləvi surətdə torpaqlarımıza köçürülməsi prosesi başlamışdır. Köçürülmə prosesi iki mərhələdə baş vermişdi. 1805-1828 və 1828-ci il Türkmənçaydan sonrakı mərhələ. Rus qoşunları Gəncəni işğal etdikdən sonra P. D. Sisyanov şəhərdə və onun ətrafında  ermənilərin sayını artırmaq məqsədilə ermənilərin köçürülməsi barədə sərəncam vermişdi. Lisaneviç bu sərəncama əsasən 250 erməni ailəsini köçürüb Gəncənin ətrafında yerləşdirmişdir.  Gürcü əsilli general Sisyanovun yardımçısı erməni Yuannes idi. 390 erməni ailəsi Şuşaya gətirilmişdi.

Qafqaz qoşunlarının baş komandanı Sisyanov 28 may 1805-ci il tarixli 189 saylı raportunda yazırdı ki, Qarabağ özünün coğrafi mövqeyinə görə Azərbaycanın, eləcə də İranın qapısı hesab edilir, buna görə onun əldə saxlanılmasına və möhkəmləndirilməsinə daha çox cəhd göstərilməlidir. Qarabağ xanlığı 1805-ci il 14 may tarixli traktatla  Rusiyanın himayəsinə keçdikdən sonra Sisyanov Qarabağda mövqeyini möhkəmlətmək üçün dərhal Cənubi Qafqazın digər əyalətlərindən erməniləri buraya köçürdü. Halbuki Qarabağ xanlığının  Rusiya tərəfindən işğalı dövründə Qarabağda yaşayan  90 min əhalinin cəmi 4331 nəfəri erməni idi. (4, s. 87)

1828ci ildən başlayan  ermənilərin İrandan Qafqaza köçürülməsinə erməni mənşəli zabit Lazarev başçılıq etmişdir. Lazarev bütün ermənilərin tanıdığı və hörmət etdiyi bir ailənin üzvüydü. Moskvadakı “Erməni Şərq Dilləri İnistitutu” Lazarevin yardımı ilə qurulmuşdu. Bu inistitut Rusiyadakı məktəb və kilsələr üçün müəllimlər və keşişlər hazırlayırdı. Lazarev ailəsi Pyotrun köçürdüyü erməni ailələrindən biri idi. 1826-cı ildə başlayan Rus-İran müharibəsi Pyotrun arzularindan daha artığını reallaşdırdı. Qısa zamanda ələ keçirilən yerlər sadəcə rus süngüsü ilə ələ keçirilməmişdi. Burada ermənilərin də önəmli rolu olmuşdu. İrəvan bürcləri müdafiə edilmədən düşmüşdü. Çünki, buranı ermənilər könüllü şəkildə ruslara təslim etmişdilər.”Rus silahlarının gurultusunda ermənilər Fars boyunduruğundan xilas olmanın müjdəsini duyurdular.” (9. Neuman) 1827-ci ilin martında general Benkendorfun ordusu Üçmüədzində böyük sevinclə qarşılanmışdı. Erməni katoliki Nerses Benkendorfu müqəddəslər səviyyəsinə qaldırmışdı. Ona görə rusların silahı xaçın silahı idi. Nerses xidmətlərinə görə çar tərəfindən “Aleksandr Nevski” medalına layiq görülmüşdür. Təbriz qapıları da müqavimətsiz üzlərinə açılmışdı. Paskeviç Lazarevi  şəhərin komandanı təyin etmişdir.

Paskeviçin Abbas Mirzə ilə apardığı danışıqlar uğursuzluqla nəticələnmişdi. Ruslar qısa zamanda Urmiya və Ərdəbili tutmuşdu. Tehrana gedən yol təhlükə altında qalmışdı. Qorxuya düşən İran Rusiyanın hər cür istəyinə boyun əymək məcburiyyətində qalmışdı. Nəhayət Türkmənçay müqaviləsi imzalanmışdı. Müqaviləyə görə İran Qafqaz üzərindən geri çəkilirdi. Araz çayı hər iki dövlət arasında sərhəd elan olunurdu. Müqavilənin XV madəsinə görə İrandan əhalinin sərbəst hərəkəti, yəni, ermənilərin Şimali Qafqaza köcürülməsi planlaşdırılırdı. Ermənilər bir il ərzində mal-mülklərini satıb Qafqaza köçməliydilər. Daşınmaz əmlaka malik ermənilərçin qarşılarına 5 illik bir müddət qoyulmuşdu.

Müqavilənin ardıyca ermənilərin köçürmə işləri  Lazarevə tapşırıldı. İrəvan fatehi və marşal titulu alan Paskeviç, köçürmə işinin necə həyata keçiriləcəyinə dair 10 maddəlik “təlimatnamə ” hazırlayaraq Lazarevə vermişdi. Təlimatnamənin qısa girişi ilə maddələri bu formada idi: İran Azərbaycanının müxtəlif yerlərində yaşayan ermənilərin və Urmiyadakı rumların köçmə istəyi bizə məlumdur. Bu məqsədlə bizə çoxlu nümayəndələr göndərmişlər. Katolik Nerses tərəfindən o bölgələrə Nikolay və Stepan adında iki rahib göndərilmişdir. Başlanğıcda bütün Azərbaycanın Rusiyada qalacağı düşünüldüyündən köç hərəkatına bir o qədər önəm verilməmişdir.  Təlimatlarda qeyd edilirdi ki, erməniləri köç etməyə məcbur etmək yoluna baş vurulmamalı, ancaq təbliğat aparmaqla onları yola gətirmək lazım idi. Əhaliyə xristiyan dünyasının və Avropanın ən böyük impreiyasının təbəəsi olmağının faydaların başa salmaq əmri verilmişdi. Lazareve xristiyanların  həqiqətən köç etmək istədiklərini araşdırmaq tapşırılmışdı. Ermənilərin ticarətlə məşğul olan hissəsinin şəhərlərdə yerləşdirəcəylərini və onlara rus tacirləriilə eyni hüquqlar veriləcəyi vəd edilirdi. Əkinçiliklə məşğul olan əhaliyə isə münbit torpaqlar verilməsi və 6 il dövlət vergisindən, 3 ildə yerli vergilərdən uzaq tutulacağı vəd olunurdu. Köçən əhaliyə maddi yardım ediləcəkdi. Əhaliyə tapşırılırdı ki, rus qüvvələrinin Marağadan çəkilməsinin ardından köçə başlamalıydılar. Yoxsa İran tərəfdən köç edənlərə əngəl yaradıla bilərdi. May ayına qədər Xoy və Urmiyadakı xristiyanlar köçmə işini bitirməliydilər. Hər dəstədə 150-200 ailə olmalıydı. Muhacir ailələr bir birilə qarşılaşıb yollarda toplanmasın deyə hər dəstə ayrı ayrı yollardan Rusiya sərhədlərinə gəlməliydilər. Hər kənddə daşınmaz əmlakın alqı satqısına baxacaq bir “təmsilçi” təyin edilirdi. Ailələr tək başına köç edərdilərsə onların təhlükəsizliyinə təminat vermirik. Köç edənlər Naxçıvan və İrəvana istiqamətlənməliydilər. Çünki, burada xristiyan nüfuzunun artması arzu edilir. Yalnız Usumçu və buradakı 3 erməni kəndi Qarabağda məskunlaşdırılacaqlar. Yola çıxacaq dəstələrdəki ailə sayı, ailə başçıları, dəstənin gedəcəyi yer, bunların İranda necə bir yerdə yaşadığları. məskun ediləcəyi yerin isti yoxsa soyuq olmasi, ticarətlə yoxsa təsərrüfatla məşğul olduqları, heyvanların sayı və s. İrəvandakı köçürmə komitələrinə bildirilməliydi. Yoxsul olan ailələrin dəstəklənməsi üçün 25 min gümüş rubl Lazareve verilmişdi. Hər ailəyə 10 gümüş rubl verilə bilərdi və bunun hesabı kənddəki rahib və ağsaqqal tərəfindən aparılırdı. Bütün bunlara nəzarət Lazarevə tapşırılmışdır. Qarabağa gedən mühacirlər isə Abşasova tapşırılmışdır. Bütün bunlar sonda Lazarev tərəfindən Paskeviçə rapor ediləcəkdi.

İran höküməti başlanğıcda köç edənlərin sayının o qədər də çox olmayacağını düşündüyündən hadisələrə müşahidəçi qalmışdı. Amma işin kütləvi bir köç hərəkatına çevrildiyini görüb bundan böyük narahatlıq keçirməyə başlamışdır. Lazarev Marağaya getmiş, orada onu din qardaşlarının xilaskarı kimi böyük sevinclə qarşılamışdılar. Lazarev orada İran tərəfdən Mirzə Məsud və İngilis müşaviri Villok ilə görüşmüşdur. Görüşmələrdə köçürmə məsələsinin müzakirə edilmişdir. İran hökümətinin gücü ancaq burada qalan ermənilərin daşınmaz əmlakına alıcı tapılmasını əngəlləməyə çatırdı. Bu üzdən Marağada iranlı alıcıların bir çoxu sonradan vaz keçmişdilər. Kürdlərin erməni dəstələrinə bəzi hücumlarını istisna etsək, köç hərəkatı asanlıqla başa çatmışdır. İran ordusunun ən yaxşı əskərləri sayılan kürdlər öz məntəqələrindən ermənilərin köçürülməsinə etiraz edirdilər. Buna görə Lazarev Rus hökümətindən qoruma tələb etmişdir. (10. Kemal Beydilli,1828-1829 Osmanlı-Rus savaşında Şərqi Anadoludan köçürülən ermənilər, cild 13, 1988. s. 373). 1828-ci il 30 mart tarixində Lazarev ermənilərə xrisiyanlar xitabı ilə başlayan bəyannamə ilə müraciət etdi. Müraciətdə niyyəti doğru olmayan kişilərin yalan xəbərlər yayıb erməniləri qorxutmasına dair xəbərlərə inanmamaq tövsiyə edilirdi. Tərk edilən yerlərin ermənilər üçün nə qədər dəyərli olduğunun fərqində olduğlarını, ancaq müxtəlif vilayətlərə səpələnmiş xristiyanların bir yerə toplanması və xristiyan imperiyanın təbəəsi olması daha vacib idi” deyə Lazarev bildirirdi. Rus əskərləri 20 apreldə Urmiyadan çəkilməyə başlamışdılar.

Abbas Mirzənin nümayəndəsi Mahmud Xan tərəfindən Lazarevə təqdim edilmiş məktubda Abbas Mirzə ermənilərin məcburi şəkildə köçürülməsinin doğru olmadığını Lazarevə bildirirdi. Lazarev isə bunun iftira olduğunu söyləyirdi. Köç etməyə hazırlaşan dəstədə Mahmud Tahir xanın iştirakı ilə sorğu keçirilmiş, ermənilər köçə məcbur edildiklərini yalanlamışdılar. Bildirmişdilər ki, İran çörəyi yeməkdənsə, rus otu yeməyi üstün tuturuq.( Kemal Beydilli.) 40 mindən çox erməni bu illərdə  Qafqaza köçürüldü. İran 40 min işçi qüvvəsini itirməyin zərərlərini uzun müddət hiss edəcəkdi. İranın Azərbaycandakı maddi itkisi 32 milyon rubl idi.

Bundan başqa, müəllifi A.Qriboyedov olduğu ehtimal edilən “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında qeydlərdə göstərilir ki, “ermənilərin mülkədar torpaqlarında yerləşdirilməsi, onların müsəlmanların yerini dar etməsi bir yana, hələ üstəlik onlara güzəştlər də verildi. Halbuki ziyan çəkən tərəf müsəlmanlar idi. Əslində, erməniləri deyil, buranın müsəlmanlarını köçkün hesab etmək lazımdır. Ermənilər köçürülən zaman müsəlman ailələrin əksəriyyəti yaylaqda idi və gəlmə ermənilərin onların evlərində yerləşdirilməsindən xəbərləri yox idi.

Mayor Vladimirovdan bəhs edərkən Qriboyedov göstərirdi: “Biz onunla bu hadisəni çox müzakirə etdik, müsəlmanlarla necə etmək lazımdır, onları təzə gələnlərlə barışdırıb başa salmaq lazımdır ki, bu gəlmələr müvəqqəti məskunlaşıb, onlar buradan gedəcəklər və gəldikləri bu yerlərdə həmişəlik qalmayacaqlar.” .”(Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə, Bakı,1990.səh.57). O, bu haqda yerli xanlarla da danışmışdı. Nəhayət , yerlilərə müraciət edərək deyirdi ki, onlar gürcü ermənilərindən daha xeyirlidirlər. Gürcü tacir ermənilər xəzinəyə heç bir xeyir vermirlər, lakin fars erməniləri əkinçilər və çörək bişirənlərdir.

XVIII əsrin axırlarında Şirvan vilayətinin  Qoşun bölgəsində 300 erməni ailəsi qeydə alınmışdır. 1824-cü ilin məlumatına görə Şəki əyalətində 2760 erməni əyaləti var idi. 30-cu illərin rtaları üçün bu rəqəm demək olar ki, dəyişməz qaldı. Bakı əyalətinin  əhalisinin etnik tərkibinə nəzər salsaq, 1810-cu ildə qalada 24 erməni ailəsinin yaşadığı qeydə alınmışdır. Quba əyalətində isə 1796-cı ilin məlumatına görə 1100 nəfər erməni yaşayırdı. Erməni tarixçi Parsamyanın gətirdiyi rəqəmlərə görə, İrəvan xanlığının Rusiyaya ilhaqından əvvəl, ” Şərqi Ermənistanın 169 min 155 nəfər əhalisindən 57305 nəfəri, yaxud 33, 8 faizi erməni , 49, 7 faizi  müsəlman idi. (4, s.90)

Tədqiqatçı Həcər Verdiyeva rus qaynaqlarına söykənərək Türkmənçay və Ədirnə müqaviləsindən sonra türk torpaqlarında məskunlaşan ermənilərin sayının 119 500 olduğunu göstərir. (11. Həcər Verdiyeva, “Perecelençeskaya Politika Rossiyskoy İmperii na Kavkaze”, Kavkaz i Globalizatsiya, Tom 1 (5), 2007, s. 158.) Təkcə Ərzurumdan gətirilən ermənilərin sayının 35 min olduğu qeyd edilir. Ruslarin 1823-cü il Qarabağa aid siyahılarında 642 kəndin 155-in ermənilərə aid olduğu göstərilir. (12. Bilal Dedeyev, “1Kitabı, 19-cu Yüzyıl Ermeni Milliyetçiliğinin Yapılanmasında Rusya’nın Rolü”, Hoşgörüden Yol Ayrımına Ermeniler, C. I Erciyes Üniversitesi Yayını, Ocak 2009, s. 342.) Bu ermənilər  qurulacaq erməni dövlətinin əhalisi  olacaqdılar. Ermənilər bu vilayətlərin müstəqil olacağını, çarın eyni zamanda Polşa kralı olduğu kimi, “Ermənistan kralı” ünvanını alacağına ümid edirdilər.  Bu ümidləri uzun sürmədi. 1840-ci ildə keçirilən inzibati islahatlar nəticəsində Qafqaz iki yerə bölündü: Gürcüstan qubernatorluğu və Xəzər vilayəti quruldu. Ermənistan vilayəti Gürcüstan qubernatorluğuna daxil edildi.

1829-cu ildə rus ordusu Balkan yarımadasında türk ordusunu məğlub etdikdən sonra İstanbula yaxınlaşırdı. Ona görə Sultan II Mahmud Rusiyaya barışıq təklif etdi və sentyabrin 2-də Ədirnə sülh müqaviləsi bağlandı. Ədirnə müqaviləsinin XIII maddəsinə əsasən Türkiyə ərazisində yaşayan ermənilər 18 ay ərzində daşınan əmlakları ilə birlikdə Rusiyaya köç etməli idilər. Rus qoşunlarının Qars, Ərzurum, Ərdəhan, Bayazid və digər bölgələrdən geri çəkilməsi bu bölgələrdə yaşayan müharibə zamanı türklərə xəyanət edən erməniləri çətin vəziyyətə saldı. Rusiya İran erməniləri kimi bu erməniləri də Rusiya Osmanlı sərhədlərinə yerləşdirməyi qərara aldı. Bu məqsədlə general Paskeviç 1829-cu il 10 oktyabrda I Nikolaya raport yazib Qarsda və Ərzurumda yaşayan 10 min ermənini Gürcüstan və Erməni vilayətində yerləşdirilməsinə icazə istədi. 1829cu il hərbinazir Çernişev Paskeviçə bildirdi ki, imperator onun təklifini bəyənmişdir. Qars və onun ətrafında yaşayan ermənilər iqlim şəraitlərinə uyğun olaraq Alagöz dağları ətəyindəki Azərbaycan kəndlərində məskunlaşdırıldılar. General Pankratyev Paskeviçə xəbər göndərdi ki, Loru dərəsində yerləşmələri üçün 95 erməni ailəsinə sənəd verilmişdir. Güneral mayor Beremen da Gümrüyə yola düşən 400 erməni ailəsinə sənəd vermişdir. Bir qədər keçdikdən sonra M. Vladkin yazırdı ki, İrəvan quberniyasında yaşayan ermənilər buranın yerli sakinləri deyil, 1828-1829-cu illər ərzində buraya köçürülmüşdür. S. N. Qlinka yazır ki, Naxçıvanda dövlət torpaqlarının azlığına görə Lazarev erməni köçkünlərinin  yol xərclərini artıraraq onların böyük bir hissəsini İrəvan və Qarabağa yönəltdi. ( S. N. Qlinka 1995. Bakı, s. 62, Azərbaycan ermənilərinin Rusiyanın hüdudlarına köçürülməsinin təsviri)

İran höküməti kimi, Türkiyə də ermənilərin sərhədlərində yerləşdirilməsinə görə narahatlıq keçirdi. Köçürülmənin qarşısını almaq üçün Osmanlı höküməti Rusiya işğalı zamanı ermənilərin Osmanlıya etdiyi xəyanəti, törətdikləri vəhşilikləri bağışlamaq üçün qərar verdi və ermənilərə “əfvnamələr” göndərdi.

Ədirnə müqaviləsi ilə müəyyən edilən müddətin başa çatmasından sonra yəni, 1831-ci il, 3 aprel tarixinə qədər tərtib edilən sənəddə Türkiyə ərazisindən köçürülən erməni sayı və yerləşdikləri ərazilər göstərilmişdir. Türkiyədən köçürülən ermənilər Axısxa, Pəmbək, Şörəyel və Erməni vilayətində yerləşdirildi. Həmin sənəddən məlum olur ki, Türkiyə paşalıqlarından Rusiya ərazilərinə 14044 erməni ailəsi köçürülmüşdür. Qarsdan köçürülən 2464 ailədən 2264-ü Pəmbək və Şorayel mahallarında, 200-ə yaxını Talın mahalında, Bəyaziddən köçürülən 4215 ailə Göyçə gölü ətrafında və Baş Abaranda məskunlaşmışdı. Həmin sənədə olan əlavə qeyddə göstərilir ki, tam dəqiq hesabat təqdim edilmədiyi üçün Osmanlıdan neçə nəfərin köçürüldüyü dəqiq deyildir. Lakin hesablama komissiyasının təxmini sayına görə Osmanlıdan 84 min yunan və erməninin köçürüldüyü məlum olur.

Osmanlı imperiyası ərazisindən Gürcüstana köçürülən ermənilər əsasən Azərbaycan və Məhsəti türklərinin yaşadığı bölgələrdə yerləşdirildi. Bu faktı gürcü müəllifləri də öz əsərlərində təsdiq edirlər. Ədirnə müqaviləsindən sonra 106  mindən çox erməni general Paskeviçə Axıska torpağında məskunlaşmaq üçün müraciət etdi. Köçürmənin birinci böyük axını Axıskaya, ikincisi isə Kvemo-Kartliyə (Borçalı ) oldu [212, 75]. General Paskeviç Ərzurumdan köçürülən 100 min ermənini Axılkələk və Axıska bölgələrinə yerləşdirdi . Artıq 1832-ci ildə Axıska əhalisinin əksəriyyətini ermənilər təşkil edirdi . Digər müəllifin məlumatına görə, Rusiya tərəfindən köçürülən 20 min erməni ailəsi  Cavaxetidə [Axıska ] yerləşdirildi.

Ümumiyyətlə, Türkiyədən keçmiş İrəvan xanlığı ərazisinə  yeni köçürülənlərin əksəriyyəti İrəvan şəhərlərində yerləşmək istəmədiyindən özləri üçün yaşayış məskəni olaraq Göyçənin cənubunu və qərbini, Dərəçiçək, Sürməli və Talın mahallarını seçdilər. Şopenin apardığı siyahıya alma nəticələrinə görə, ümumiyyətlə, 1828-1829-cu illər Rusiya – Türkiyə müharibəsindən sonra “Erməni vilayəti”nə Türkiyədən 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürd köçürülmüşdür. Köçürülən ermənilər əsasən keçmiş İrəvan xanlığının Qırxbulaq, Sürməli, Talın, Körpübasar Abaran, Dərəçiçək və Göyçə mahallarının 129 kəndinə yerləşdirildi. Erməni mənşəli amerikan tarixçisi C.Bornoutyan öz tədqiqatında Rusiya işğalından sonra İrəvan xanlığına xeyli sayda erməni əhalinin köçürülüb gətirildiyini, azərbaycanlıların isə ata-baba yer adlarının erməniləşdirildiyini etiraf edir; məsələn, Osmanlı imperiyasından ermənilər köçürülükdən sonra Göyçə mahalının mərkəzinin  ermənilər tərəfindən dəyişdirilərək Nor Bayazid adlandığını qeyd edir. (Yaqub Mahmudov, eyni adlı əsər, 266)

1834-cü ilin kameral təsvirinə görə, İrəvan şəhərinin ətrafında yaşayan 2750 ailədən 1807 ailə tatar ( yəni Azərbaycan türkü – red.), 898 ailə erməni, 40 boşa (qaraçı ) ailəsi vardı və onların içərisində çoxu müxtəlif peşədən olan ustalar və sənətkarlar idi. Həmin kameral təsvirə görə, bütövlükdə İrəvan əyalətində 22336 ailə var idi ki, bunun da 65300 nəfərini kişi cinsi təşkil edirdi.

Justin Mcchartu “Ölüm və Sürgün” əsərində yazır ki, ermənilər Osmanlı ərazisində bəlli bir bölgədə çoxluq təşkil etmirdilər. Muxtəlif yerlərə səpələnmişdilər. Ona görə Rusiyanın onlara vətən yaratma təklifi cazibəli gəldi. Rusiyaya köçürülən ermənilərin bəzisi buradakı şəraitdən narazı qalmışdılar. Ərzurumdakı ingilis konsulu Taylorun raporuna görə bir neçə yüz ailə Ərzuruma geri dönmüşdü.

1877-78-ci illər rus türk müharibəsinin nəticəsi olaraq çoxlu erməni Anadoludan İrəvana köçürüldü. Ancaq bu tarixdən sonra İrəvanda ermənilərin üstünlüyü görülməyə başlandı. (13. Justin McCarthy, Ölüm ve Sürgün, İstanbul 1998, s. 31.) İrəvana köçürülən ermənilər buranın ən yaxşı vilayətlərində məskunlaşırdılar. Səlmas və Xoy xanlıqlarından gətirilən 200 erməni ailəsi Sürməli mahalında yerləşdirildi. (14.İrade Memmedova, “İrevan Bir Türk Hanlığıdır (Demografik Araştırma)”, II. Uluslararası Kafkasya Tarih Sempozyumu Bildileri  Kitabı, Erzurum 2009, s. 132.)

Çarizmin müstəmləkəçilik siyasətinin nəticəsində Cənubi Qafqaz regionunda, xüsusilə Dağlıq Qarabağda erməni fitnəsinin əsası qoyuldu ki, bununda arxasında Rusiya hakim dairələrinin hərbi-siyasi və iqtisadi ekspansiya planları dururdu.

NƏTİCƏ

Gülüstan və Türkmənçay müqavilələri imzalanandan sonra tədricən həyata keçirilən köçürmə siyasəti, Azərbaycanın çarizm tərəfindən müstəmləkəyə çevrilməsi  prosesinin tərkib hissəsi idi.

Köçürmə kampaniyası almanların Azərbaycana gətirilməsi ilə başlandı. Azərbaycanda kənd təsərrüfatı istehsalını yaxşılaşdırmaq bəhanəsi ilə həyata keçirilən bu hadisə əslində siyasi mahiyyət daşımış, Azərbaycanda etnik tərkibin xaçpərəstlərin xeyrinə dəyişməsi məqsədilə həyata keçirilmişdir. Lakin alman köçkünlərinin Azrbaycana gəlişi geniş vüsət almadı: bunun da əsl səbəbi, ehtimal kiŞ alman xalqı nümayəndələrinin çar müstəmləkəçi dairələrinin əlində oyuncağa çevrilmək istəməmələri ilə izah olunmalıdır. Çarizmin müstəmləkə dairələri itaətkar alət rolunu məharətlə ifa edən ermənilərə üstünlük verdilər. və bu işin də ən mahir icraçısı onlar oldu.

“Xristian birliyi” maskası ilə pərdələnən ermənilər Türkmənçay müqaviləsi imzalanandan sonra  yaranmış fürsətdən istifadə edərək, Rusiya tərəfindən işğal olunmuş Şimali Azərbaycan torpaqlarında qondarma “Böyük Ermənistan”  yaratmağa cəhd etdilər. Rusiya hakim dairələrindən zirəkliklə istifadə edən ermənilər Türkmənçay müqaviləsinin  mətninə Orta Şərq  ölkələrində sakin olan soydaşlarının departasiyasına dair XV maddəni daxil etməyə nail oldular. Bu müqaviləyə istinad edən ermənilər və onların havadarları İrandan köçürülmüş erməniləri qədim Azərbaycan torpaqlarında-İrəvan xanlığı ərazisində, Naxçıvanda və Qarabağın dağlıq hissəsində yerləşdirməklə, gələcək erməni-müsəlman münaqişəsinin əsasını qoydular. Məhz bu köçürmə siyasəti nəticəsində Azərbaycanda ermənilərin sayı getdikcə artdığı halda, yerli azərbaycan əhalisinin sayı azalmağa başladı. Bu kampaniya ardıcıl və məqsədyönlü aparıldığından, XIX əsrin son illərində İrəvanda əhalinin say nisbəti xaçpərəstlərin xeyrinə dəyişildi. Beləliklə, əsası Rusiya tərəfindən qoyulan Erməni vilayətində əhalinin əksəriyyəti İrandan və Türkiyədən köçürülmüş ermənilər təşkil etməyə başladılar. Ermənilər vilayətin ərazisində məlum demoqrafik dəyişikliklərə heç də təbii artım yolu ilə deyil, əsasən çar hakim dairlərinin köçürmə siyasəti nəticəsində nail oldular. Araşdırmalardan göründüyü kimi, “Qarabağ probleminin” əsası XIX əsrin birinci otuz illiyində , erməni -rus sövdələşməsi və yaxınlaşması ilə qoyuldu. Onun arxasında Azərbaycanın müstəmləkə halında saxlanılması və Azərbaycan ərazisi hesabına erməni dövləti yaratmaq niyyətləri gizlənmişdi. Bu planların reallaşması yolunda əməli addımlar isə 1918-1920-ci illərdə atıldı və hal hazırda da Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz formasında davam edir.

Çar Rusiyasının strateji müttəfiqinə çevrilən ermənilər, bu ittifaq söykənməklə Azərbaycan torpaqları hesabına  “Ermənistan” adlı ərazi əldə etdilər və zaman keçdikcə onun hüdudlarını genişləndirməyə nail oldular. SSRİ dağılandan sonra yaranmış fürsətdən istifadə edən ermənilər Azərbaycan xalqına qarşı yeni təcavüzə əl atdılar. Keçmiş illərdə olduğu kimi bu dəfə də Rusiyanın hərbi-siyasi və iqtisadi yardımından bəhrələnən ermənilər Azərbaycanın 20% ərazisini  işğal etməklə, bir milyona yaxın soydaşlarımızın doğma yurdlarından didərgin düşmələrinə səbəb oldular. Rusiyanın Qafqazla bağlı hegemonçuluq siyasətinin alətinə çevrilən  Ermənistan, beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, münaqişəni siyasi vasitələrlə həll etməkdən boyun qaçırır.

Köçürmə siyasətinin öyrənilməsi, muasir problemlərin dərk edilməsinə, həlli yollarının tapılmasına kömək edəcəkdir.

 

 

MariaTudor.com saytında tarixə səyahətə davam:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir